Bəstəkar Arif Məlikovun tələbəsinin əsəri Avstriyada ifa olunub
Vyana, 28 yanvar, AZƏRTAC
Avstriyada yaşayan bəstəkar Aria Torkanbourinin bəstələdiyi “İntizar” əsəri Qrats şəhərində ifa olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan əsilli İran yazıçısı Qulamhüseyn Saidinin xatirəsində bəstələnmiş trio (fleyta, akkordeon və çello) və rəqs üçün əsərin xoreoqrafiyası isə Avstriya baletmeysteri və xoreoqrafı Yohann Nepomukun çəkdiyi balet rəqs rəsmləri üzərində qurulub.
Qrats İncəsənət Universitetinin “Liqeti“ zalında müasir musiqi və rəqs üçün konsert çərçivəsində səsləndirilən əsəri rəqqasələr Marsela Lopez və Benerise Arias ifa ediblər.
1989-cu ildə Təbrizdə doğulan Aria Torkanbouri musiqiyə olan güclü həvəsini nəzərə alaraq Təbriz Universitetində mühəndislik təhsilini yarımçıq qoyaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olunub. Xalq artisti Arif Məlikov və Ceyhun Allahverdiyevin siniflərində təhsil alan gənc bəstəkar sonra təhsilini Berlin, İstanbul və Qratsda davam etdirib. 2016-cı ildə Qrats İncəsənət Universitetinə bəstəkarlıq üzrə qəbul olan A. Torkanbouri hazırda müasir musiqi üzrə tanınmış simalardan olan Beat Furrerin sinfində təhsil alır.
Qeyd edək ki, gənc bəstəkarın bu əsəri ötən il dekabrın əvvəlində Avstriyanın Lints şəhərində təşkil olunmuş incəsənət festivalında da səsləndirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana