Beyləqanda pambığın intensiv texnologiya ilə becərilməsinə dair elmi-praktik seminar keçirilib
Beyləqan, 12 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında “Bölgələrin torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının seçilməsi, səpinqabağı aqrotexniki tədbirlər və pambığın intensiv texnologiya ilə becərilməsi” mövzusunda elmi-praktik seminar - tarla günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda alimlər, Beyləqan Rayon İcra Hakimiyyətinin, kənd təsərrüfatı idarəsinin, pambıqçılıq şirkətlərinin nümayəndələri və pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva seminarda çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan danışıb.
Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elman Süleymanov, kənd təsərrüfatı idarəsinin rəisi Xaliq Məmmədov və Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Sədi İsmayılov rayonda aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, pambıqçılıqla məşğul olan fermerlərə dövlət dəstəyindən və çiyid səpininə hazırlıqla bağlı görülən işlərdən danışıblar. Məlumat verilib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 9450 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur. Artıq çiyid səpininə start verilib.
Seminarda institutun aqrotexnologiya şöbəsinin müdiri Dilarə Marlamova əkin sahələrinin çiyid səpini üçün hazırlanması, Mahirə Vəliyeva pambıq əkinlərində suvarma rejimi, entomologiya şöbəsinin müdiri Kazım Hüseynov pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri, Mil Təcrübə Stansiyasının direktoru İmamverdi Alıyev becərmə texnologiyası, aqrotexniki xidmət barədə tədbir iştirakçılarına məlumat veriblər.
Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Tədbir iştirakçılarına Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun hazırladığı yeni pambıq sortları və mütərəqqi becərmə texnologiyalarına dair bukletlər paylanıb.
Sonra sahələrə çiyid səpilib, torpağa herbisit verilib.