BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri BDU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov açdı. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi. BDU-nun rektoru konfransın iştirakçılarını salamlayaraq, bu tədbirin əhəmiyyətindən danışdı. Qeyd edildi ki, hazırda dünyada qlodallaşma prosesi gedir, kiçik dövlətlərin iqtisadiyyatı, elmi, təhsili və s. dinya birliyinə inteqrasiya edir. Bu prosesdən geri qalmamaq üçün informasiya-kommunikasiya texnologiyalarının ölkəmizin daxilində tətbiqinə xüsusi diqqət yetirilir. Təşadüfi deyildir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Tədbirin aktuallığını nəzərə çatdıran natiq, xarici ölkələrin alimləri tərəfindən, xüsusən də ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Ukraynadan və s. ölkələrdən konfransın ünvanına 160 məqalənin göndərildiyini bildirdi.
Qafqaz Universitetinin rektoru, professor Erol Oral zəmanəmizin kompüter texnikası, informatika əsri olduğunu göstərərək, bu cür tədbirlərin, beynəlxalq səviyyəli konfransların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün çox əhəmiyyətli olduğunu bildirdi.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov informasiya, kommunikasiya texnologiyalarının geniş tətbiqini Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri olduğunu söylədi. Qeyd olundu ki, nazirlik Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün dövlət proqramını hazırlanması işini başa çatdırmaq üzrədir. Proqramda əsas istiqamətlərdən biri təhsil, mədəniyyət və elmdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı məsələsi oldugu xüsusi vurgulandı. Natiq Azərbaycanın hərtərəfli irəliləyişi üçün informasiya və kommunikasiya texnologiyalarının inkişafına dövlət siyasəti çərçivəsində baxılmasının zəruriliyini vurğuladı.
Konfrans sentyabrın 17-də öz işini davam etdırir.