Beynəlxalq Qadınlar Günü münasibətilə cəzaçəkmə müəssisəsində tədbir keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova əlamətdar gün münasibətilə məhkum qadınlara təbriklərini çatdırıb. X.Bayramova Prezident İlham Əliyevin Azərbaycanda qadınlara, uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, Birinci-vitse prezident Mehriban Əliyeva ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, vətəndaşların, o cümlədən qadınların sosial problemlərinin həlli, qadına şiddətin qarşısının alınması və s. məsələlərə xüsusi diqqət yetirir. Qadının ailədə, cəmiyyətdə özünə layiqli yer tutması dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ölkəmizdə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü Ruhi Əliyeva çıxışında ölkəmizdə qadınların hüquqlarının təmin olunması, cəmiyyətdə onların fəallıqlarının artırılması istiqamətində görülən işlərdən danışıb. Qadına qarşı zorakılığın yolverilməz olduğunu diqqətə çatdıran R.Əliyevə ölkə qanunvericiliyində belə hallara qarşı sərt tədbir və cəzaların nəzərdə tutulduğunu bildirib. O, cəmiyyətin inkişafında qadınların rolunu xüsusi vurğulayaraq, məhkum qadınlara tezliklə azadlığa qovuşmağı arzulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, eləcə də gənc müğənni Elton Hüseynəliyev konsert proqramı ilə çıxış ediblər.