Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində Azərbaycan qlaukomatoloqlarının V konfransı keçiriləcək
Bakı, 13 mart, AZƏRTAC
Martın 15-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Qlaukoma həftəsi çərçivəsində Azərbaycan qlaukomatoloqlarının V elmi-praktik konfransı keçiriləcək.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Konfransın keçirilməsinin məqsədi digər ölkə, region və mərkəz həkimlərinin iştirak və bilikləri əsasında oftalmologiya sahəsində baş verən yeniliklərdən xəbərdar olmaq, yeni təkliflər irəli sürmək və bununla yanaşı həkimlərin də bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımovun iştirakı ilə keçiriləcək konfransda “Zədə ilə əlaqəli qlaukomanın xüsusiyyətləri yaşlı nəsil nümayəndələrində”, “Qlaukomanın diaqnostikasında optik koherens tomoqrafiyanın imkanları”, “Vitreoretinal cərrahiyyə sonrası göz daxili təzyiqin artması səbəbləri və onlara yanaşma taktikası”, “Toksik konyunktivit”, “Azərbaycanda buynuz qişanın transplantansiyasından sonra yaranan ikincili qlaukoma” və s. mövzularında çıxışlar dinləniləcək. Konfransda Türkiyədən, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ölkənin digər oftalmologiya müəssisələrdən mütəxəssislər çıxış edəcək.