BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Martın 27-də “Crescent Beach“ otelində “Çirkli pulların yuyulması və terrorizmi maliyyələşdirməyə qarşı mübarizə kampaniyasında Azərbaycana dəstək” mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır.
Seminar BMT-nin Narkotik və Cinayət üzrə ofisinin, Azərbaycan hökumətinin, Çirkli Pulların Yuyulmasına Qarşı Qlobal Proqram və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyəti üzrə Əlaqələndirmə ofisinin birgə yardımı ilə ATƏT-in Bakı ofisi tərəfindən keçirilir. Prezidentin İcra Aparatının, Milli Məclisin, nazirliklərin, hüquq mühafizə orqanları nümayəndələrinin, beynəlxalq ekspertlərin və başqa qurumların əməkdaşlarının iştirak etdikləri tədbiri ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord açaraq dedi ki, son bir neçə ildə bütün dünyada çirkli pulların yuyulması və terrorizmi maliyyələşdirməyə qarşı mübarizəyə yönəldilən səylər artmışdır. Bu qlobal problemlər təhlukə yaratmaqla yanaşı, sabitliyi, şəffaflığı və maliyyə sistemlərinin təsirliliyini də zərbə altına qoyur. Bu da öz növbəsində iqtisadi inkişafa ziyan vurur. Həmin problemləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq vacibdir və hazırki tədbir bu yolda ilk addımdır.
Sonra Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək cinayətkar fəaliyyətdən əldə edilən çirkli pulların yuyulmasına qarşı mübarizənin bəzi çətinliklərindən söz açdı. Belə pulların bir hissəsi xərclənir, bir qismi yenidən cinayətkar fəaliyyətə yönəldilir, qalan hissəsi isə iqtisadiyyata sərmayə şəklində yatırılaraq onun sahibinə mülkiyyətçi statusu gətirir. Çirkli pullar bu yolla terrorçuluğun maliyyələşdirilməsinə yonəldikdə isə, problemin təhlükəliliyi mahiyyətcə yeni səviyyəyə qalxır. Natiq terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini terrorçuluq yuvasına çevirməsini misal gətirərək dedi ki, həmin ərazilərdə narkotik vasitələrin tranzit marşrutları fəaliyyət göstərir. Burada çirkli pullar leqallaşdırılır, qanunsuz hərbi birləşdirmələr yaradılır və maliyyələşdirilir.
Seminarda çıxış edənlər mühüm əhəmiyyət kəsb edən bu tədbirdə terrorçuluğu maliyyələşdirməyə qarşı mübarizədə müxtəlif təkliflər irəli sürdülər və onların həyata keçirilməsində beynəlxalq miqyasda birgə fəaliyyətin vacibliyini vurğuladılar.
Martın 28-də seminar öz işini davam etdirəcəkdir.