Beynəlxalq təhsil layihəsi çərçivəsində azərbaycanlı tələbələr üçün onlayn mühazirələrə start verildi
Bakı, 15 aprel, AZƏRTAC
Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən İƏT Modeli təhsil layihəsi onlayn qaydada işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq hər il təşkil edilən, İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası və İƏT Modeli simulyasiya konfransından ibarət olan layihə COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq tərəfdaşların birgə qərarına əsasən onlayn formata keçirilib. Karantin rejimində gənclərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi, həmçinin milli və beynəlxalq səviyyədə daha çox gəncin faydalanması üçün bu layihə ayrı-ayrılıqda Azərbaycan və ingilis dillərində aparılır. Gənclərin iştirakında say və digər məhdudiyyətlər qoyulmur.
Layihənin beynəlxalq formatının ilk mühazirəsi Regional Mərkəzin baş direktoru Elməddin Mehdiyevin iştirakı ilə “Beynəlxalq təşkilatların regional əməkdaşlıqda rolu” mövzusunda ingilis dilində keçirilib. Aprelin 14-də isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli layihənin milli formatının ilk mühazirəçisi olaraq “Müasir dünya düzəni və post-pandemiya gözləntiləri” mövzusunda çıxış edib. Hər iki mühazirəyə ümumilikdə 5000-dən artıq onlayn baxış olub. Layihənin formatına uyğun olaraq hər həftə İƏT ölkələrindən birinin səfiri mühazirə üçün dəvət edilir. Bu gün saat 19:00-da Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim builki proqramın ilk səfir qonağı olaraq “Fələstindən baxış və sülh üçün perspektivlər” mövzusunda çıxış edəcək. Mühazirələr Regional Mərkəzin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanır (https://www.facebook.com/icyferc/).