Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xarici əlaqələrini genişləndirir
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Braziliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrindən söz açıb. Həmçinin Fondun prezidenti Braziliyaya səfərini, “Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” adlı konfransda iştirak etdiyini xatırladaraq, xalqlar arasında mədəni irsin tanıdılmasının vacibliyini vurğulayıb.
Səfir Manuel Adalberto təmsil etdiyi ölkənin və ümumilikdə Latın Amerikası ilə türk mədəniyyətləri arasında qarşılıqlı əlaqələrindən söz açıb, türk dünyasının zənginliyini əks etdirən kitabların öz ölkəsində tərcümə və nəşr olunmasına dair köməklik göstərəcəyini bildirib.
Diplomat, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Braziliyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.
Görüşdə Fond və səfirlik arasında təşkilata üzv və müşahidəçi olan ölkələrin və Braziliyanın mədəni dəyərlərinin təbliği məqsədilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.