ŞƏRH
Bəzi Qərb dairələri və mediası Azərbaycanı nüfuzdan salmağa çalışırlar - ŞƏRH
Bakı, 25 oktyabr, AZƏRTAC
Biz hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparıldığının şahidi olmuşuq. Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində də eyni hal yaşanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, hazırda Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır: “Şübhəsiz ki, onların arxasında erməni lobbisi, islamafob və ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr dayanır. Bildiyiniz kimi, COP konfransları dünyada ən nüfuzlu tədbirlərdən sayılır. Bu tədbirin qlobal əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələrin dövlət başçıları və rəsmiləri orada iştirak edirlər. Həmin tədbirlərdə dünyanı narahat edən problemlərlə bağlı qərarlar qəbul olunur. Buna görə də bəzi qüvvələr tədbirin Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşırlar. Bəzi Qərb dairələri və mediası Azərbaycanı nüfuzdan salmağa çalışırlar”.
Milli Məclisin deputatı hesab edir ki, Qərbdə Azərbaycana qarşı aparılan belə qarayaxma, ləkələmə kampaniyası heç bir nəticə verməyəcək: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 10-da Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətindən sitat gətirmək yerinə düşər: “Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”.
O qeyd edib ki, hazırda Azərbaycanda COP29-un yüksək səviyyədə keçirilməsi ilə bağlı ciddi hazırlıq işləri görülür. “COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi işləri də yekun mərhələdədir. Ayrı-ayrı ölkələrin nümayəndələri, ekspertləri Azərbaycanın hazırlığına yüksək qiymət verirlər. Əminlikdə demək olar ki, COP29 Azərbaycanda yüksək səviyyədə keçiriləcək”, - deyə deputat əlavə edib.