“BİBLİOBRAZ-2005” BEYNƏLXALQ FESTİVALINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNUR
Festivalda 11 ölkə təmsil olunmuşdur. Azərbaycan belə bir tədbirdə ilk dəfə iştirak edir. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş ekspozisiyamızda bədii nəşrlər, uşaq ədəbiyyatı, Bakı Slavyan Universitetinin dərs vəsaitləri nümayiş etdirilir. Ekspozisiyada Azərbaycan haqqında göstərilən sənədli film sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur.
Təşkilat Komitəsinin sədri, Rusiya Prezidentinin xanımı Lyudmila Putina oktyabrın 3-də keçirilmiş açılış mərasimində bildirmişdir ki, festivalın keçirilməsi ideyası 5 il əvvəl meydana gəlmişdir və onun əsasını ölkədə məktəb kitabxanalarının inkişafı təşkil edir.
Festivalın fəxri qonaqları, - onların arasında bir çox ölkələrin birinci xanımları da vardı, - ekpozisiyalara baxmışlar. Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev xanım L.Putinaya Azərbaycan ekspozisiyasındakı nəşrlər barədə məlumat vermişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində tədbirin əhəmiyyətindən danışarkən kitabın insan həyatında böyük rolundan söhbət açaraq demişdir ki, bu həyatın dolğunluğu uşağa erkən yaşlarından kitaba məhəbbət aşılanmasından çox asılıdır.
Festival zamanı gənc kitab həvəskarlarının Çingiz Abdullayev və tanınmış yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatının Rusiyada təbliğatçısı Alla Axundova ilə görüşləri keçiriləcəkdir.
Tədbir başa çatdıqdan sonra Azərbaycan pavilyonunun eksponatları Moskvanın və Rusiya regionlarının məktəb kitabxanalarına veriləcəkdir.