Biləsuvarda arı məhsullarının alışı üçün xarici ölkələrdən də sifarişlər olur
Biləsuvar, 16 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Bölgələrdə arıçılığın sürətli inkişafına geniş imkanlar yaradılır. Bu qayğının nəticəsidir ki, artıq Biləsuvarda arının ən güclü və müalicəvi məhsulu olan süd istehsalına da başlanılıb.
AZƏRTAC xəbər verir ki, son illər dövlətin bu sahəyə dəstəyi arıçılığın inkişafına təkan verib. İndi təkcə Biləsuvarda yüzlərlə kəndçi arıçılıqla məşğuldur, arı ailələrinin sayı isə 3000-ni ötüb. Rayonun Əmənkənd kəndində uzun illərdir ailə təsərrüfatında arı bəsləyən və bu xidmətlərinə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Hikmət Əliyev bu ildən təsərrüfatında arı südünün geniş istehsalını planlaşdırır: “Süd istehsalını artırmaq istəyirik. Məlumat üçün deyim ki, 20 gün ərzində təxminən 3,5 kiloqram süd istehsal etdik. Baxmayaraq ki, bu çox azdır. Azərbaycanda arı südünə tələbatı çoxdur. Xarici ölkələrdən sifarişlər gəlir. Onun üçün bu sahəni genişləndirmək istəyirik. Yaxın gələcəkdə Azərbaycanın tam olaraq arı südü istehlakçılarının tələbatını ödəmək istəyirik. Əsasən Ərəb ölkələrindən maraqlananlar var. Bu işi İnşallah qurmaq istəyirik”.
Yapon alimlərinin araşdırmalarına görə, insanı sağlam saxlayan və ömrünü uzadan, genetik deformasiyalarda əvəzsiz müalicəvi rolu olan arı südü keyfiyyətinə görə 1 kiloqramı 500 kiloqram balı əvəz edir. İyirmi beş günlük süd istehsalı prosesində hər gün 150-200 qram arı südü toplandığını deyən H.Əliyev arı ailələrinin sayını artırmaqla yaxın gələcəkdə bu sahənin inkişafını qarşıya məqsəd qoyub: “Bal süzümünə başlamışıq və birinci süzüm həyata keçirilir. Əsas süzüm isə iyul ayının axırlarında olacaq. Bu sahədə özümüz üçün şərait yaradırıq, daha müasir avadanlıqlarla təchiz edirik, yəni daha rahat süzüm edək. Gördüyünüz bu bal süzən aparatıdır. Bu qablara 48 çərçivə yerləşir. Sonra burada pompa ilə qablara vurulur. İndi gələcəkdə mən bunu göstərmək istəyirəm ki, 2 tonluq neft çənləridir və əlavə olaraq bir tonluq çənlər də alacağam. Bal süzüləndən sonra neft çənlərə vurulacaq. Sonda balın daha təmiz və qatı hissəsi qablara doldurulacaq, qablaşdırılacaq. Həmin bu baldan satış üçün daha xalis və keyfiyyətli hissəsi ayrılacaq”.
Arıçı Zəbərcət Əliyeva: “İlk öncə, biz süd yığmaq üçün birgünlük sürfəni blanklara köçürərək anasız yeşiyə qoyuruq. Anasız yeşikdə qalır, 3 gündən sonra bu şəkildə olur. Bunu götürüb şanlarını və sürfələrini yığaraq arı südünü xüsusi qablarda qablaşdıraraq soyuducuya qoyuruq. Burada dondurub saxlayırıq və bunun da saxlama müddəti il yarımdır”.
Biləsuvarda ötən il arıçılıqla məşğul olan subyektlərə 24 min manata yaxın subsidiya verilib. Arı ailələrindən toplanan 36 ton xalis çəkidə baldan 600 min manatadək gəlir əldə ediblər. Hazırda aparılan monitorinqlərin nəticəsi olaraq, builki subsidiya ödənişləri arıçıların fermer kartlarına köçürüləcək.