Biləsuvarda pambıq tarlalarında çiyid səpini yekunlaşır VİDEO
Biləsuvar, 15 may, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmizin iri pambıqçılıq rayonlarından olan Biləsuvarda çiyid səpini başa çatmaq üzrədir. Rayon fermerləri ilə 10 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr bağlanılıb. Hazırda erkən səpilən pambıq sahələrində becərmə işlərinə başlanılıb. İyirmi yeddi gün əvvəl səpilən çiyid toxumlarından 100 faiz çıxış alınıb və kultivasiya işləri aparılır.
AZƏRTAC xəbər verir ki, istehsalçı müəssisələr əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı zəruri tədbirlər görüblər. Bu günədək 9000 hektardan çox sahədə çiyid səpini aparılıb, 6000 hektar sahədə isə bitiş alınıb. Məhsuldarlığın artırılması məqsədilə əkin texnologiyasında yeni metodların tətbiqinə üstünlük verən fermerlər, ənənəvi üsulla yanaşı, 1000 hektara yaxın sahədə “tirə” üsulu ilə də səpin aparıblar.
Fermer Nurəddin Mirzəyev deyib: “Bu il aprelin 15-də tarlalarımızda pambıq səpininə başlamışıq. Hazırda mayın ortalarıdır, 100 faiz çıxış almışıq və becərmə işlərini həyata keçiririk. Becərmə işləri ilə bağlı şirkət tərəfindən bizə texnika verilib, əkdiyimiz çiyidi də texnikaların köməyi ilə nizama salmışıq. Texnika ilə səpilən çiyidin seyrəltməsinə ehtiyac qalmır. Əkdiyimiz çiyid öz istehsalımızdır - “Bəyaz-altun 440”. Eyni zamanda, burada işçi qüvvəsinə elə də ehtiyac olmayacaq, seyrəltmə aparılmayacaq. Bu, bizə maddi cəhətdən də sərfəlidir. Keçən il 41 sentner pambıq götürmüşəm. Bu il də söz verirəm ki, 45 sentnerdən 50 sentnerə kimi pambıq verəcəyik”.
Fermerlər pambıq becərilməsinə görə, həm əkin, həm də məhsul subsidiyası alacaqlar. Pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Elşən Musayev fermerlərə müraciət edərək bildirir ki, iyun ayının 1-nə qədər fermerlərə veriləcək subsidiyaların qeydiyyatı aparılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hazırda işlər davam etdirilir. Vətəndaşlar, fermerlər iyun ayının 1-dək müraciət etsinlər, qeydiyyatdan keçsinlər və dövlətin onlara göstərdiyi yardımdan, subsidiyadan yararlansınlar”.
Rayonda 4 müəssisə üzrə 1666 nəfərlə 9800 hektara yaxın torpaq müqaviləsi bağlanaraq, pambıq əkini üçün torpaqlar tam hazırlanıb. Bu günə kimi 8900 hektar ərazidə əkin aparılıb. Hazırda 5800 hektar sahədə bitiş alınıb.
Qeyd edək ki, Biləsuvarda çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.