BİLL GEYTS SUPERBİTKİ YETİŞDİRMƏK NİYYƏTİNDƏDİR
Bakı, 14 avqust (AZƏRTAC). Microsoft şirkətinin banisi, zəmanəmizin ən iri biznesmenlərindən biri Bill Geyts yeni layihəyə baş qoşmuşdur. O, tərkibində insan orqanizmi üçün bütün zəruri vitamin və minerallar olan yeni bitkilərin yetişdirilməsi ilə məşğul olacaqdır.
Gələcəkdə bütün planeti doyura biləcək bitki yaratmaq arzusunda olan milyarder hesab edir ki, müasir elmin köməyi ilə buna nail olmaq mümkündür. Yeni bitki növünün tərkibində insanın normal inkişafı üçün zəruri olan bütün maddələr olmalıdır.
Artıq dünya elmində “superyemək” adlandırılmış bitki kalışdan (darıyaoxşar dənli bitki) alınacaqdır. Kalış müasir kənd təsərrüfatında istifadə edilən dənli bitkidir. Hazırda alimlərdən ibarət bir neçə qrup genetik mühəndisliyin köməyi ilə digər ərzaq məhsullarını əvəzləyə biləcək kalışın yeni növünü yetişdirmək üzərində işləyir.
Alimlərin seçimi kalış üzərində dayandırmaları bu bitkinin bioloji davamlılığı ilə izah olunur. Kalış hətta ən sərt iqlim şəraitində də bitir. Kalışın becərilməsi üçün digər bitkilərə, o cümlədən dənli bitlkilərə nisbətən çox az su tələb olunur. Lakin indiki halında kalış vitamin baxımından yoxsul, çətin həzm edilən bitkidir.
Alimlər bildirirlər ki, hazırda dünyada içmək üçün yararlı olan su ehtiyatlarının dörddəüç hissəsi mətbəxdə istifadə etdiyimiz bitkilərin suvarılması üçün istifadə olunur. İqlim mülayimləşdikcə, quraqlıq da artacaqdır. Yüz milyonlarla insan aclıqdan, milyardlarla insan susuzluqdan əziyyət çəkəcəkdir.
Bill Geyts yeni nəsil dənli bitkilərin yetişdirilməsi layihəsinə təxminən 20 milyon dollar yatırmışdır. Milyarderin yaratdığı xüsusi fond ekoloji baxımdan təhlükəsiz pestisidlərin və sərt iqlim şəraitində məhsul yetişdirməyin yeni üsullarının yaradılması ilə məşğuldur.