Bioloji Müxtəliflik Konvensiyası üzrə Milli Məruzənin Hazırlanması üzrə işçi görüş keçirilmişdir
Bakı, 22 avqust (AZƏRTAC). Ötən günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı çərçivəsində Bioloji Müxtəliflik Konvensiyası Üzrə Milli Məruzənin hazırlanması üzrə işçi görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, AMEA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin nümayəndələri iştirak etmişlər.
Görüşdə Bioloji Müxtəlifliyin Qorunması Konvensiyası qarşısında Azərbaycan Respublikasının götürdüyü öhdəliklər və Bioloji Müxtəliflik üzrə Milli Strategiya Planının (NBSAP) icrası ilə bağlı əldə olunmuş nailiyyətlər barədə, “Biomüxtəliflik Konvensiyasının 2011-2020-ci illər üzrə Strateji Planın Azərbaycan Respublikasında həyata keçirilməsinə dəstək məqsədilə Bioloji Müxtəlifliyin Milli Planlaşdırılması” haqqında məruzələr dinlənilmişdir.
Ölkəmizdə ətraf mühitin dövlət səviyyəsində qorunması istiqamətində həyata keçirilən geniş layihələr sırasında Dövlət Neft Şirkətinin hər bir sahədə olduğu kimi bu sahədə də ön sıralarda olması və son illərdə reallaşdırdığı bir sıra mühüm ekoloji layihələr barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, bu mühüm ekoloji layihələr sırasında ARDNŞ-in Eko-Park layihəsi mühüm yer tutur. Eko-Parkda Azərbaycan təbiətinin relikt, nadir, endemik və nəsli kəsilmək təhlükəsi olan, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınmış ağac-kol növlərinin qorunması və çoxaldılması işlərinin uğurla aparılması qeyd olunmuşdur.