“Bir ağac - min nəfəs” aksiyası bu dəfə Xırdalanda keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, nazirlik, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 18-də keçirilən tingpaylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 1126 litr olan plastik, 36 litr şüşə, 17 kiloqram kağız tullantı və 55 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb: “Bu günədək ölkə ərazisində 8 aksiya keçirilib və vətəndaşlardan ümumilikdə tutumu 2 min 409 litr olan plastik, 71 litr şüşə, 124 kiloqram kağız tullantı, 483 ədəd işlənmiş batareya təhvil götürülüb”.