Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, habelə tələbə gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında minlərlə Eldar şamı və dekorativ ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan olunub. “Nəsimi ili” çərçivəsində respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü də keçirilən ən böyük tədbirlərdən biridir.
“Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün 650 min ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib.
Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var. Belə ki, kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir-şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər.
Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək, ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”.
Gəncə Dövlət Universitetinin tələbəsi Arif Ənnəğıyev: “Bu gözəl təşəbbüsün iştirakçısı olmaq bizi sevindirir. Bu gün əkilən ağaclar həm şəhərimizin yaşıllaşmasına xidmət edəcək, həm də oksigen ehtiyatının artmasına töhfə olacaq”.
Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.