Bir gündə ölkəmizdə 650 min ağac əkilməsi ekoloji mühitin sağlamlaşdırılmasına gözəl töhfədir
Astara, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə ölkəmizdə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar Astara rayonunda aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında Astara Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Ələt-Astara avtomobil yolu boyunca geniş bir ərazidə minlərlə dəmirağac, akasiya, birgöz, badam, tuya, sərv və şam ağacları əkilib.
Rayon sakinləri bu nəcib təşəbbüsü yüksək qiymətləndirərək, bunun ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına gözəl töhfə olduğunu bildirib, humanitar aksiyanın təşəbbüskarı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.