Biz Ağdama qayıdacağıq
Ağdam, 23 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İyulun 23-ü Azərbaycanın dilbər guşələrindən olan, tarixən aşağı - Aran Qarabağla yuxarı - Dağlıq Qarabağ arasında keçid, baş qapı sayılan, hər zaman erməni məkrləri qarşısında möhkəm qala kimi dayanan Ağdamın işğal günüdür. 1993-cü il iyulun 23-də erməni silahlı dəstələri strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən rayonun 125 yaşayış məntəqəsindən bir şəhər, 1 qəsəbə, 79 kəndini işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıbdır. Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri talan edilir
Relyefi əsasən düzənlik, qismən dağlıq olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. İşğaldan əvvəl rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi. Ağdam rayonun ümumi ehtiyatları 64863 min kubmetr olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması faktlarını aşkar edib.
İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.
Rayonun işğal altında olan yerlərində törədilən yanğınlar zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.
Ağdamın tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. 27 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
Rayonun Xaçın-Dərbəndli kəndində Qutlu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarca digər abidələr 27 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparıblar. Belə muzeylərdən 3 mindən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyinin, Çörək muzeyinin, tarzən Qurban Pirimovun xatirə muzeyinin, şəkil qalereyasının adlarını çəkmək olar. Rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.
Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır
Təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən məhəl qoyulmadan yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında faktaraşdırıcı və faktqiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır.
Lakin Azərbaycan xalqının səbri də hüdudsuz deyil. İndi qüdrətli dövlətimiz və işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Xalqımız qəti əmindir ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprelində Lələtəpə və Talış yüksəkliklərində qazandığı qələbəni davam etdirəcək və bütün işğal altında olan torpaqlarımız azad ediləcək.
Ağdamlılar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin hər yerində olduğu kimi, Ağdam rayonunun işğal altında olmayan ərazilərində də geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, aqrar sahənin, sahibkarlığın inkişafında uğurlar qazanılıb. Ağdam rayonunun bütün icra strukturlarının yerləşdiyi Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb. Rayonun kəndlərarası avtomobil yolları yenidən qurulub. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq rayon ərazisində bütün infrastruktura malik 18 qəsəbə inşa edilib. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış bu qəsəbələrdə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.
Hazırda Ağdam rayonunun 204 min nəfər əhalisinin 158 min nəfərindən çoxu məcburi köçkün kimi respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Ağdamın işğal altında olmayan ərazilərində salınmış qəsəbələrdə məskunlaşıb. İşğaldan 27 il ötməsinə baxmayaraq, ağdamlıların ən böyük arzusu işğal altında olan Ağdam şəhərinin və kəndlərin azad edilməsi, doğma yurdlarına qayıtmaqdır.
Doğma torpaqlarının işğal altında qalması ilə barışmayan ağdamlılar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar. Hər bir ağdamlı əmindir ki, işğal altında olan bütün torpaqlarımız, o cümlədən Ağdam rayonu tezliklə erməni tapdağından xilas ediləcək və biz tezliklə Azərbaycanın bu füsunkar diyarına geri qayıdacağıq.