SİYASƏT
Biz heç vaxt imkan verə bilmərik ki, əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın
Bakı, 1 yanvar (AZƏRTAC). Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir.
Azərbaycanın bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirdiyini qeyd edən dövlətimizin başçısı vurğulamışdır ki, bu məsələnin həlli təkcə bizdən asılı deyildir.
Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər.
Prezident İlham Əliyev bildirmişdir ki, müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır.
Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik, - deyən dövlətimizin başçısı vurğulamışdır ki, danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır.
Prezident İlham Əliyev vurğulamışdır ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir.