BMT İP AZƏRBAYCANDA İNSAN İNKİŞAFI HAQQINDA HESABATI AÇIQLAMIŞDIR
Noyabrin 27-də “Avropa” mehmanxanasında hökumət və parlament üzvləri, KİV nümayəndələrinin iştirakı ilə BMT-nin İnkişaf Proqramının insan inkişafı haqqında növbəti illik hesabatının təqdimatı olmuşdur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti təqdim olunan hesabatın əsas parametrləri və əhəmiyyəti barədə məlumat verərək, dedi ki, BMT İP insanın sabit inkişafını təmin etmək üçün öz ehtiyatlarından istifadə etməsində onlara yardım göstərir. Bu təşkilatın Azərbaycandakı nümayəndələri ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların nəticələrindən razıdırlar və bu işdə ölkə hökumətinə əllərindən gələn köməyi göstərirlər. Marko Borsottinin sözlərinə görə, ölkə rəhbərliyi insan inkişafının əsas prinsiplərinin - ailə gəlirinin, həyat səviyyəsinin müəyyənləşdirilməsi, vətəndaşların təhsil hüquqlarının təmin olunması prinsiplərinin həyata keçirilməsində böyük iş görmüşdür. O vurğuladı ki, əsas məqsəd Azərbaycanda yoxsulluğu azaltmaqdır.
İqtisadi inkişaf naziri Fərhad Əliyev məzmunlu sənəd hazırladıqlarına görə BMT İP nümayəndələrinə və hökumətə öz minnətdarlığını bildirdi. O, 1995-ci ildən sonra ölkədə iqtisadi yüksəlişin başlandığını nəzərə çarpdıraraq dedi ki, Azərbaycan hökuməti yoxsulluğun azaldılması üçün təsirli tədbirlər görür. Fərhad Əliyev bu yaxınlarda keçirilmiş hökumət proqramının təqdimatını xatırladaraq bildirdi ki, BMT-nin məlumatlarına əsasən, ölkəmiz insan inkişafının səviyəsinə görə dünyada 110-cu yerdən 79-cu yerə qalxmışdır. Bu tərəqqinin bir milyondan artıq qaçqını olan ölkədə baş verdiyi nəzərə alınarsa, onun əhəmiyyətini dərk etmək çətin deyildir. Nazir daha uzunmüddətli sabit inkişaf strategiyasının hazırlanması və qəbul edilməsinin əhəmiyyətini də vurğuladı.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov ölkə hökumətinin bu mühüm sənədə böyük əhəmiyyət verdiyindən danışdı. O, indiki hesabatı əvvəlkilərlə müqayisədə daha kamil sənəd adlandırmaqla yanaşı, bəzi nöqsanların - o cümlədən qaçqınların sayı və onların təhsil səviyyəsi haqqındakı bölmələrdə, - olduğunu da nəzərə çarpdırdı.
Axırda hesabatın milli əlaqələndiricisi Urxan Ələkbərov sənədin müxtəlif cəhətləri barədə ətraflı məlumat verdi.