SİYASƏT
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Mingəçevirdə məcburi köçkünlərlə görüşmüşdür
Mingəçevir, 21 aprel (AZƏRTAC). BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson Mingəçevir şəhərindəki yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, qonaq məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından maraqlanmışdır. BMT rəsmisinə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, hazırda Mingəçevirdə 20 minə yaxın məcburi köçkün yaşayır. Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evləri inşa etdirir. Hazırda Mingəçevir şəhərində məcburi köçkün ailələri üçün 10 ədəd doqquzmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Şəhər ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi həmin binalarda yerləşdiriləcəkdir.
Daq Siqurdson Mingəçevirə səfərində əsas məqsədinin məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanışlıqdan ibarət olduğunu bildirmişdir: “Mən səfər zamanı Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı nailiyyətlərin əldə olunduğunun şahidi oldum. Ümid edirəm ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin daha da yaxşılaşdırılmasında dəstək olacaq və əməkdaşlığını genişləndirəcəkdir”.