BMT-nin rəhbəri Ana Torpaq Günündə: biz ümumi evimizi pis qoruyuruq
Bakı, 22 aprel, AZƏRTAC
Yer planeti üçqat böhran yaşayır - iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi. “Biz ümumi evimizi pis qoruyuruq”. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş aprelin 22-də qeyd olunan Beynəlxalq Ana Torpaq Günü münasibətilə müraciətində qeyd edib.
Əsl böhranı təsdiq edən cəmi bir neçə rəqəm: hər il planet Danimarkanın ərazisini üstələyən 4,7 milyon hektar meşə sahəsini itirir və milyona yaxın heyvan və bitki növləri hazırda yox olmaq təhlükəsi ilə üz-üzədir.
BMT rəhbərinin sözlərinə görə, üçqat böhran bütün dünyada milyonlarla insanın həyatını təhlükə altına salır. “Xoşbəxt, sağlam həyatın tərkib hissələri olan təmiz su, təmiz hava, sabit və gözlənilən iqlim yararsız vəziyyətə düşüb, bu da dayanıqlı inkişaf sahəsində məqsədlərin nail olmasını təhlükə altına salır”, - deyə Antonio Quterreş vurğulayır.
Lakin, onun sözlərinə görə, ümid hələ ki var. Baş katib xatırladır ki, əlli il bundan əvvəl Stokholmdakı konfrans ətraf mühitin müdafiəsinə dair qlobal hərəkatın təməlini qoyub, bəşəriyyət isə o vaxtdan dərk edib: birlikdə hərəkət edərək, bir çox nailiyyət əldə etmək olar.
“Biz ozon dəliyini kiçiltdik. Biz vəhşi təbiətin və ekosistemlərin müdafiəsini gücləndirdik. Biz etilləşdirilən yanacağın istifadəsinə son qoyaraq, milyonlarla vaxtından əvvəl ölümün qarşısını aldıq. Təkcə ötən ay biz plastiklə çirklənmənin qarşısının alınması və dayandırılması üçün əlamətdar qlobal səylər göstərmişik”, - deyə BMT rəhbəri xatırladıb.
O hesab edir ki, sağlam ətraf mühit hüququnun tanınması artıq daha geniş vüsət alır, buna baxmayaraq bu istiqamətdə hələ çox işlər görülməlidir, üstəlik mümkün qədər tez hərəkət etmək lazımdır - vaxt azalır. İlk öncə, Quterreşin vurğuladığına görə, qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində qoruyub saxlamaq lazımdır. “Biz bu məqsədə nail olmaqdan uzağıq, - deyə o xəbərdarlıq edib. - Bu məqsədə nail olmaq üçün 2030-cu ilə qədər gərək hökumətlər tullantıları 45 faiz azaltsınlar, 2050-ci ilə qədər isə karbon neytrallığına nail olmalıdırlar”.
Bu nəticəyə nail olmaq üçün əsas tullantı istehsalçıları bu ildən başlayaraq onları kəskin şəkildə azaltmalıdırlar. Bundan başqa, yer altından çıxarılan yanacaqdan asılılığı və təmiz bərpaolunan enerji mənbələrinə keçid prosesini sürətləndirmək lazımdır.
BMT-nin rəhbəri xatırladıb ki, iyun ayında bütün dünyanın nümayəndələri yenidən İsveçdə “Stokholm+50” görüşündə bir araya gələcəklər. “Gəlin elə edək ki, bizim liderlərimiz müəyyən məqsəd əldə etməyə səyləri nümayiş etdirərək planetimizdə üçqat fövqəladə vəziyyətin tənzimlənməsi üçün lazımi tədbirlər görsünlər. Çünki bizim yanlız bircə Ana Torpağımız var”, - deyə Antonio Quterreş vurğulayıb.