BMT SƏHRALAŞMA İLƏ MÜBARİZƏ ONİLLİYİ ELAN ETMİŞDİR
Bakı, 18 avqust (AZƏRTAC). İqlim və regionda davamlı inkişaf məsələlərinə həsr olunmuş Braziliyada keçirilən beynəlxalq konfransda BMT səhralar və səhralaşma ilə mübarizə onilliyi elan etmişdir. Bu ildən başlayaraq 2020-ci ilədək əhalinin torpağın deqradasiyasından mühafizəsinin vacibliyi ilə bağlı maarifləndirilməsi dünya əhalisinin üçdə bir hissəsinin yaşadığı quru ərazilərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər keçiriləcək. Bu rayonların əhalisi ciddi iqtisadi və ekoloji təhlükələrlə üzləşir.
Xatırladaq ki, 1994-cü ilin iyununda BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası təsdiq edilmişdir.
BMT-nin baş katibi Pan Gi Mun onilliyin başlanması ilə əlaqədar bəyanatında demişdir: “deqradasiyanın davam etməsi ərzaq təhlükəsizliyi qorxusu yaradır, bu isə öz növbəsində nisbətən aidiyyətli icmaların aclıq çəkməsinə, məhsuldar torpaqların itirilməsinə gətirib çıxaracaqdır”.
Səhralaşma və quraqlıq qlobal miqyaslı problemlərdir. Hazırda 2,1 milyard insan, yaxud dünya əhalisinin 40 faizi səhralarda və ya quraqlıq rayonlarda yaşayır. Bu əhalinin 90 faizi inkişaf etməkdə olan dövlətlərin sakinləridir.
Səhralaşma yerkürəsində quru ərazinin 25 faizini əhatə edir. Hazırda 110 ölkədə torpaqlar deqradasiya təhlükəsi qarşısındadaır. Hər il səhralaşma üzündən 12 milyon hektar torpaq sıradan çıxır. Bu, Bolqarıstanın ərazisinə bərabərdir.
BMT-nin baş katibinin çağırışında deyilir: “Səhralar və səhralaşma ilə mübarizə beynəlxalq onilliyinə başlayaraq minilliyin inkişaf məqsədlərinə çatmaq və insanların rifahını təmin etmək üçün torpağın müdafiəsinə dair səylərimizi birləşdirməyə çalışaq”.