BMT Təhlükəsizlik Şurası TAPI qaz kəməri tikintisi layihəsini alqışlayıb
Bakı, 9 mart, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri tikintisi layihəsini alqışlayıb.
AZƏRTAC BMT-nin xəbərlər saytına istinadla bildirir ki, BMT-nin Əfqanıstana yardım üzrə Missiyasının (MOOHCA) rəhbəri Tadamiçi Yamamoto bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
Tadamiçi Yamamoto Əfqanıstan iqtisadiyyatında vəziyyəti yaxşılaşdırmağa yönəlmiş sərmayələr barədə söhbət açaraq bildirib ki, bu yaxınlarda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri tikintisi layihəsinə start verilib.
Tadamiçi Yamamoto deyib: “Uzunluğu 2000 kilometrə yaxın olacaq bu boru kəməri vasitəsilə təqribən 33 milyard kubmetr Türkmənistan qazını Əfqanıstandan keçməklə Pakistana və Hindistana nəql etmək mümkün olacaq. Analoqu olmayan bu layihə həm regional əməkdaşlıq və inteqrasiya sahəsində böyük nailiyyətdir, həm də Əfqanıstanın iqtisadi baxımdan özünəyetərliliyini təmin etməyə yönəlmiş, çoxdan düşünülmüş planın həyata keçirilməsinin əsasını qoyur”.
Həmin iclasda BMT Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Əfqanıstana yardım Missiyasının müddətinin uzadılması barədə qətnamə qəbul ediblər. Qətnaməyə əsasən, Missiyaya Əfqanıstanda seçkilərin təşkilində bu ölkənin hakimiyyət orqanlarına kömək etmək barədə tapşırıq verilir.
Şura üzvləri həmin sənəddə “Taliban”, “Əl-Qaidə” və İŞİD ilə bağlı qruplaşmalar tərəfindən törədilən fasiləsiz zorakılıq aktları və hücumlarla əlaqədar Əfqanıstanda təhlükəsizlik baxımından vəziyyətə görə narahatlıqlarını bildiriblər.
BMT Təhlükəsizlik Şurasının üzvləri yeni qətnamədə Əfqanıstanın inkişafı sahəsində regional təşəbbüsləri, o cümlədən “İpək yolu iqtisadi kəməri” və “XXI əsrin dəniz İpək yolu” təşəbbüsünü, habelə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri tikintisi layihəsini, eləcə də Türkmənistan-Akina və Herat-Haf dəmiryol sahələrinin tikintisi layihəsini dəstəkləyiblər.