BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA VETO TƏTBİQİ HÜQUQUNU MƏHDUDLAŞDIRMAQ İSTƏYİRLƏR
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, BMT-də Təhlükəsizlik Şurasının beş daimi üzvünün - Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyanın malik olduqları veto hüququ ləğv edilməsə də, onu məhdudlaşdırmaq istəyirlər.
Bu təklif BMT Təhlükəsizlik Şurasının islahatı haqqında Baş Məclisin tapşırığı ilə beş səfirdən ibarət qrupun hazırladığı birinci məruzədə irəli sürülür.
Məruzədə deyilir: “Veto hüququ dövlətlərin böyük əksəriyyəti tərəfindən tənqid olunmuşdur. Bununla yanaşı, onların çoxu hesab edir ki, bu hüququn tam ləğv olunması indiki vaxt üçün real deyildir”.
Dövlətlər vetonun tətbiqi şərtlərini müəyyənləşdirən elə bir reqlament hazırlanmasını təklif edirlər ki, ondan, məsələn, soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər haqqında BMT TŞ qərarlar çıxararkən istifadə etmək mümkün olmayacaqdır.
Bir hox hökumətlər hesab edir ki, “böyük beşliyin” üzvləri özlərinin bilavasitə iştirakçısı olduqları münaqişələr haqqında qətnaməyə veto qoymaq hüququ olmamalıdır.
Təkliflər arasında belə bir tələb də irəli sürülür ki, veto BMT Təhlükəsizlik Şurasının bir deyil, iki daimi üzvü tərəfindən qoyularsa, qərar bağlanmış hesab edilməlidir.
Rəyi soruşulmuş nümayəndə heyətlərinin əksəriyyəti bu fikirdədir ki, BMT TŞ-nin yeni daimi üzvləri də indiki “böyük beşlik”lə bərabər hüquqa malik olmalıdır.
Lakin BMT TŞ-nin daimi nümayəndələrinin özləri belə bir tam razılığa gəlmişlər ki, veto hüququna yenidən baxıla bilməz, çünki o, İkinci Dünya müharibəsində Qələbədən sonra yaranmış nadir tarixi şəraitdə təşəkkül tapan təhlükəsizlik sisteminin əsasıdır. Deməli, veto təsisatına yenidən baxılması üçün eyni epoxal tarixi hadisə baş verməlidir.