Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC-nin əsaslı təmirdən sonra yenidən qurulan inzibati binasının açılışı olub, həmçinin xidmətin son bir ildə gördüyü işlərə dair hesabat təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, agentliyin məsul əməkdaşları, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri, eləcə də “SEDAM” MMC-nin kollektivi iştirak edib. Bildirilib ki, əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili və iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir tələblərə uyğun şəkildə yenidən qurularaq zəruri avadanlıqlarla təchiz olunub. İştirakçılar əvvəlcə yenilənmiş inzibati binada yaradılan şəraitlə tanış olublar.
Daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin son bir il ərzində həyata keçirdiyi fəaliyyətə dair hesabat dinlənilib. Məlumat verilib ki, hesabat dövründə Xidmətin regionlarda yerləşən inzibati binalarında təmir işləri aparılıb, ölkə üzrə rejim-müşahidə quyuları və hidroloji məntəqələr bərpa olunub, yeni müşahidə məntəqələrinin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, xüsusi təyinatlı yeni nəqliyyat vasitələri alınaraq istifadəyə verilib, mövcud nəqliyyat vasitələrinin bir hissəsi isə təmir edilərək yenidən istismara cəlb olunub.
Tədbir çərçivəsində su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ həyata keçirilməsi, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və idarə olunması məqsədilə yaradılmış “Monitorinqlərin Elektron İdarəetmə Sistemi”nin (MEİS) təqdimatı keçirilib. Qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri də daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin planlaşdırılması, təşkili və idarə olunması vahid platforma üzərindən həyata keçiriləcək.
Bununla yanaşı, “Cərimə Protokollarının İdarəetmə Sistemi” (CPİS) modulu ilə bağlı məlumat verilib. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə nəzarətin gücləndirilməsinə, həmçinin tərtib edilmiş aktlar, protokollar, tətbiq olunan cərimələr, ziyan məbləğləri, ödənişlər və digər məlumatların operativ şəkildə izlənilməsinə imkan yaradacaq.
Vurğulanıb ki, sistemə daxil edilən məlumatlar əsasında həm regionlar üzrə, həm də ölkə səviyyəsində ümumiləşdirilmiş hesabatların hazırlanması və ixracı mümkün olacaq. Nəzarət tədbirlərinin daha səmərəli həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşların yaxa kameraları ilə təmin olunduğu da diqqətə çatdırılıb. İclasın sonunda hesabat qəbul olunub.
Qeyd edilib ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsini, iş proseslərinin optimallaşdırılmasını, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasını təmin edəcək.