Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
Bakı, 4 iyun, AZƏRTAC
Kanadanın Ontario əyalətinin Niaqara Fols şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə Toronto, Hamilton, Kembric və ətraf bölgələrdə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Niaqara Folsda Azərbaycan Bayrağının ucaldılmasının qürurverici hadisə olduğunu söyləyib. O, bu təşəbbüsə göstərilən dəstəyə görə şəhərin bələdiyyə başçısı Jim Diodatiyə, həmçinin Şəhər Şurasının üzvləri Mona Patel və Ruz Ən Niyuvesteqə təşəkkürünü ifadə edib.
Sonra üçrəngli bayrağımız havaya qaldırılıb.
Soydaşlarımız belə əlamətdar tədbirdə bir araya gəlməkdən məmnun olduqlarını bildiriblər. Azərbaycanın Müstəqillik Gününün xaricdə qeyd olunmasının milli dəyərlərimizin təbliği və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.