BMU rektoru: Tələbə düşərgələri gənclərin şəxsi və peşəkar inkişafına töhfə verir
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetindən (BMU) universitetin rektoru Yaqub Piriyev Xaçmaz rayonunun Nabran qəsəbəsində keçirilən tələbə düşərgəsində iştirak edən BMU tələbələri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor tələbələrin düşərgə ilə bağlı təəssüratları ilə maraqlanıb və onların fikirlərini dinləyib. Yaqub Piriyev bu cür layihələrdə fəal iştirakın tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sentyabrın 7-dən 12-dək davam edən tələbə düşərgəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunub.
Düşərgə çərçivəsində “Şəhərsalma və memarlıq: gələcəyə baxış” mövzusunda tədbir də təşkil edilib.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.
Çıxışlarda “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, tələbələrin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib. Gələcəkdə tələbə düşərgələrinin ixtisasyönümlü təşkil olunacağı və daha innovativ layihələrin həyata keçiriləcəyi bildirilib.
Daha sonra tədbir iştirakçıları “Təhsil” istirahət mərkəzində tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd olunub ki, tələbə düşərgəsi çərçivəsində iştirakçılar üçün intellektual yarışlar, futbol, voleybol və şahmat turnirləri, foto və film müsabiqələri, eləcə də müxtəlif mədəni və sosial proqramların keçirilməsi nəzərdə tutulur.