Boks üzrə dünya Olimpiya təsnifat turniri: Teymur Məmmədov finalda[YENİLƏNİB]
Azərbaycan millisinin üzvü Teymur Məmmədov finala yüksəlib. Ötən gün “Rio-2016”ya lisenziyanı təmin edən boksçumuz formal xarakter daşıyan yarımfinal görüşü keçirilmədən qalib elan olunub. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, rəqib rinqə çıxmayacaq. Boksçuların duelinin keçirilməməsinə səbəb atletimizin rəqibinin tibbi baxışdan keçə bilməməsi göstərilir.
13:02
Bakı, 24 iyun, AZƏRTAC
Bakıda boks üzrə dünya Olimpiya təsnifat turnirində bu gün yarımfinal döyüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin iki üzvü də axşam proqramında rinqə çıxacaq.
Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Rüfət Hüseynov qələbə qazanacağı təqdirdə, “Rio-2016” lisenziyasını təmin edəcək. R.Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edir. Meksikalı Xoselito Velaskes Altamirano ilə qarşılaşacaq boksçumuz mütləq rəqibindən üstün olmalıdır. Çünki bu çəki dərəcəsində yalnız finalçılar “Rio-2016”da iştirak hüququnu əldə edəcəklər.
“Rio-2016”ya lisenziya qazanan Teymur Məmmədov (81 kq) üçün isə bugünkü döyüş formal xarakter daşıyacaq. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün yığmamızın digər idmançısı Kamran Şahsuvarlı (75 kq) dörddəbir finalda uduzsa da, lisenziya şansını saxlayır.