BÖLGƏDƏ SABİTLİYİN BƏRQƏRAR OLUNMASINDA AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR
T.Fucivara Dünya azərbaycanlılarının II qurultayına dəvət olunsa da, özündən asılı olmayan səbəblərdən, forumda iştirak edə bilmədiyini, buna baxmayaraq, qurultayda müzakirə edilən məsələlərdən və qəbul edilən sənədlərdən xəbərdar olduğunu bildirmişdir: “Qurultaya dəvət alanda duyğulandım. Buna görə Azərbayacan xalqına minnətdaram”.
Prezident İlham Əliyevin bu yaxınlarda Yaponiyaya rəsmi səfərinin yekunlarına toxunan T.Fucivara keçirilən görüşlərin, aparılan danışıqların və imzalanan sənədlərin ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə böyük təsir göstərdiyini vurğulamış, səfərdən sonra yapon şirkətlərinin Azərbaycana daha çox sərmayə qoyacaqlarını, Yaponiya hökumətinin bunu asanlaşdırmaq üçün səy göstərdiyini diqqətə çatdırmışdır.
Yaponiyalı qonaq Azərbaycanın bölgənin mərkəzi ölkəsi olduğunu, buradakı sabitliyin təkcə Cənubi Qafqaza deyil, eləcə də Orta Asiyaya da təsir göstədiyini açıqlamış, ölkəsinin Azərbaycanla münasibətlərini bu düşüncə üzərində qurduğunu vurğulamışdır.
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin fəxri prezidenti olan T.Fucivara ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmiş, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir.