İQTİSADİYYAT
Bölgələrdə keçirilən görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı ilk videokonfrans
AZƏRTAC xəbər verir ki, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə, bu sahədə insanları maraqlandıran məsələlərlə bağlı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vətəndaşlarla keçirdiyi açıq görüşlərdə iştirak etmiş və 12 rayonu təmsil edən 20 vətəndaş onlayn şəkildə nazir tərəfindən təkrar qəbul olunub.
Videokonfransda qeyd olunub ki, 2014-cü il ərzində bölgələrdə nazir Əli Abbasovun qəbulunda olmuş 148 vətəndaşdan 142-nin müraciəti müsbət həllini tapıb, 6 nəfərin müraciətinin icrası üçün isə qoyulan müddət hələ başa çatmayıb və hazırda müraciətlərə nəzarət edilir.
Hacıqabul, Neftçala, Astara, Siyəzən, Lerik, Şamaxı, Qax, Gəncə, Şabran və digər rayonlardan edilən təkrar müraciətlər işlə təmin olunma, elektron ATS-in nömrə tutumunun artımı, ailə vəziyyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsi, internetlə təmin olunma, kəndin telefonlaşdırılması, rabitə sahəsində “Rabitə ustası” fəxri adı ilə təltif edilmə, telefon nömrələrinin artırılması və ya rabitə şöbəsinin yaradılması, rəqəmsal TV-dən istifadə edilməsinə köməklik və s. məzmunda olub.
Sözügedən məsələlərlə bağlı nazirə edilən müraciətlərin icrası həll edilib, həmçinin Əli Abbasovun tapşırığına əsasən, Qax şəhərində yerləşən 2 nömrəli liseyə 10 notebook əvəzsiz olaraq verilib. Uzun müddət rabitə sistemində işləyən, revmatizmdən əziyyət çəkən Neftçala rayon sakininin (Pakizə Alxasova) Naftalan sanatoriyasına yollayış alınmasına köməklik göstərilib, prosesin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Qəbulun sonunda nazir sahə üzrə yerli idarəedici qurumlara vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılması, edilən hər bir müraciətə xüsusi qayğı və diqqətlə yanaşılması, eyni zamanda, icra müddəti tamamlamayan məsələlərin qoyulan müddətdə həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, RYTN-in əhali ilə keçirdiyi görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı videokonfransların təşkili bundan sonra ənənə halını alacaq. Bölgələrdə keçirilən görüşlərdə nazirə edilmiş müraciətlərin icra vəziyyətinə daha dəqiq nəzarət etmək üçün RYTN-də hər 6 aydan bir videokonfrans təşkil olunacaq.