Bolnisidə Zəfər Günü ilə əlaqədar bayram tədbiri təşkil olunub
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərkəzin direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilib. “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində şanlı Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək dünya ictimaiyyətinə xalqımızın birliyini və qüdrətini nümayiş etdirdi. Azərbaycanın suverenliyi bərpa olundu”, – deyə R.Həsənov bildirib.
Daha sonra mərkəzin müəllimləri Zəfər Gününün tarixi əhəmiyyəti barədə çıxışlar edərək, bu bayramın Azərbaycan xalqının qürur və birlik rəmzi olduğunu vurğulayıblar.
Tədbir zamanı, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin müharibə zamanı etdiyi çıxışlardan və işğaldan azad olunan rayonlarla bağlı xalqa verdiyi müjdələrdən ibarət videoçarx nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi