Bolqarıstanın “Standart” qəzetində Xocalı soyqırımı ilə bağlı yazı dərc olunmuşdur
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu ölkənin nüfuzlu “Standart” qəzetində müsahibəsi dərc olunmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, E.Kərimov müsahibəsində fevralın 26-da xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 20-ci ildönümünün qeyd ediləcəyini diqqətə çatdırmışdır. Soyqırımı haqqında məlumat verən diplomat vurğulamışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin sakinlərinə qarşı qətliam törətmişlər. Soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. İtkin düşmüş 155 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmişdir.
Diplomat demişdir ki, bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verilmiş və ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-sı “Xocalı soyqırımı günü” və milli matəm günü elan edilmişdir.
E.Kərimov bildirmişdir ki, hər il Azərbaycan xalqı və xaricdə yaşayan həmvətənlərimiz, eləcə də dost ölkələrin ictimaiyyətinin nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında Heydər Əliyev Fondunun böyük əməyinin vurğulandığı məqalədə qeyd edilmişdir ki, qurum qətliama dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymətin verilməsi istiqamətində bir sıra ölkələrdə tədbirlər reallaşdırır. Fond, həmçinin müxtəlif dillərdə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən çoxlu sayda kitablar, jurnallar, broşürlər nəşr etdirmişdir.
Müsahibədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasının uğurla davam etdirildiyini deyən diplomat vurğulamışdır ki, bu aksiyanın əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən insanlığa qarşı ən ağır cinayət kimi qəbul edilməsinə nail olmaqdır. Kampaniya çərçivəsində dünya liderlərinə və beynəlxalq təşkilatların rəhbərlərinə 150 min şəxsin imzası ilə müraciətlər göndərilmişdir.
E.Kərimov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul olunduğuna baxmayaraq, Ermənistan buna məhəl qoymur.
Müsahibənin sonunda xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına və ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inam ifadə olunmuşdur.