Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni idarə heyəti seçilib
Bakı, 17 noyabr, AZƏRTAC
AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası institutun baş direktoru professor Səyyarə İbadullayeva açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O qeyd edib ki, Botanika İnstitutunda yaradılmış Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə uyğun formalaşdırılması zəruridir.
İclasda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin 17 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. Səsvermə yolu ilə müəssisənin elmi işçiləri Aydan Zeynalova sədr, Nigar Mürsəl qızı sədr müavini və Emin Hüsüyev elmi katibi seçilib. Sonra şuranın yeni sədri A.Zeynalova iclas iştirakçılarına şuranın məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri və s. ilə bağlı məlumat verib, bu istiqamətdə müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonda üzvlər şuranın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini veriblər.