Botanika İnstitutunun Herbari şöbəsi və Ekosistemlərin fitososiologiyası laboratoriyası hesabat verib
Bakı, 16 noyabr, AZƏRTAC
AMEA Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, onlayn iclasda institutun Herbari şöbəsi və Ekosistemlərin fitososiologiyası laboratoriyasının illik hesabatları dinlənilib.
İclasda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva “Böyük Qafqazın şərq və qərb yamaclarında meşə ekosistemlərinin qiymətləndirilməsi, biomüxtəlifliyinin müasir vəziyyəti, dəyişilməsi, indikatorları və davamlılığının öyrənilməsi”, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani isə “Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazasının və elektron kataloqlarının yaradılması” mövzularında illik hesabatları təqdim ediblər. Məruzəçilər il ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti, beynəlxalq indeksli jurnallarda öz əksini tapmış məqalələr barədə məlumat veriblər. Həmçinin beynəlxalq elmi əlaqələr və qrantlar, müvafiq elektron məlumat bazaları, ekspedisiyalar, əməkdaşların nəşriyyat fəaliyyəti və onların əsərlərinə olan istinadlar, kadr hazırlığı haqqında məlumatları diqqətə çatdırıblar.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonda hesabatların qəbul olunması barədə qərar qəbul edilib.