RƏSMİ XRONİKA
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə
Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan ilə Birləşmiş Krallığı möhkəm dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız üçün əlverişli zəmin yaratmışdır.
İnanıram ki, davamlı siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız və ölkələrimiz arasında daim gerçəkləşən mədəni mübadilələr ikitərəfli münasibətlərimizin çevrəsini genişləndirməklə bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2013-cü il.