“Böyük Qələbə” adlı tədbirdə Vətən müharibəsində qazanılan Zəfərdən və gənc nəslin qəhrəmanlıqlarından danışılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Gənclər Evində Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Veteran Tankçılar İctimai Birliyi, Azərbaycan Dağ Yəhudiləri Dini İcması, “Dədə Qorqud” Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Böyük Qələbə” adlı tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, rəsmi və bədii hissədən ibarət tədbirdə Müdafiə Nazirliyinin bir qrup tankçı, əsgər və zabit heyəti, Gənclər və İdman Nazirliyinin, Bakı Gənclər Evinin əməkdaşları, Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, veteran tankçılar, şəhid ailələri, qazilər, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird, müəllim kollektivi iştirak edib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub, tər qərənfillər düzülüb.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli və veteranlar çıxış ediblər. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən, rəşadətli Ordumuzun uğurlu döyüş əməliyyatlarından, Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən, Azərbaycanın suverenliyinin tam təmin olunmasından, dövlətimizin başçısının Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli Bayrağımızın dalğalanmasından, gənc nəslin vətənpərvərliyindən və qəhrəmanlıqlarından danışıblar.
Mərasim Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradıcı kollektivinin təşkil etdiyi vətənpərvərlik mahnılarından, şəhidlərimizin xatirəsinə həsr olunan musiqilərdən ibarət “Böyük Qələbə” adlı konsert proqramı ilə davam edib.
Sonda cəmiyyətdə gənc nəslin vətənpərvərlik tərbiyəsində və bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak edənlərə “Dədə Qorqud” Fondunun təsis etdiyi “Həzi Aslanov” ordeni Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Səbail tank taborunun bölük komandiri baş leytenant Şahin İsgəndərovun qardaşına təqdim olunub.