MƏDƏNİYYƏT
“Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb
Bakı, 31 yanvar, AZƏRTAC
Ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olaraq seçilən “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev”) bədii-sənədli filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb.
“Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirilib ki, hazırda filmin montaj işləri davam edir.
Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bədii-sənədli filmdə 2020-ci ildə İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalmış uşaqların həyatlarına işıq tutulur.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını aktyor Namiq Ağayev ifa edir.