“bp-AZƏRBAYCAN” ŞİRKƏTİ FƏNLƏRİN İNTERAKTİV TƏDRİSİ LAYİHƏSİNİN İCRASINA BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Bakı Əyləncə Mərkəzində “bp-Azərbaycan” şirkəti və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək “Fənlərin interaktiv tədrisi layihəsi”nin təqdimat mərasimi olmuşdur.
Qeyd edilən layihənin “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə ölkəmizdə reallaşan ilk proqram olmadığını bildirən təhsil nazirinin müavini Elmar Qasımov indiyədək tələbə mübadiləsi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi və bədən tərbiyəsi təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bu gün təqdim edilən layihə isə üç əsas fənni - kimya, fizika və biologiya fənlərini tədris edən müəllimlərin təkmilləşdirilməsinə və yeni kurrikulumun tətbiqinə xeyli kömək edəcəkdir. Bu layihə 56 pedaqoq, o cümlədən Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutundan 23, müxtəlif universitetlərdən 13, Bakı, Sumqayıt, Salyan, Lənkəran və Gəncənin 5 pilot məktəbindən 15 nəfər fənn müəllimi, bu məktəblərin direktorları və təhsil rəsmiləri üçün nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfirinin müavini Kollin Uells, “Britiş Council”-in Cənubi Qafqaz üzrə direktor əvəzi xanım Lena Miloseviç layihə iştirakçılarını təbrik etmiş, Böyük Britaniya ilə Azərbaycan arasında həyata keçirilmiş digər layihələr kimi, bu proqramın da uğurlu olacağına əminliklərini bildirmişlər.
“bp-Azərbaycan”ın bu layihəni fənlərin tədris edilməsi sahəsində bilik və bacarıqların gücləndirilməsi üçün ölkəyə kömək etmək və potensial liderləri təlimləndirmək məqsədi ilə seçdiyini vurğulayan şirkətin əlaqələr və xarici işlər üzrə vitse-prezidenti Seymur Xəlilov proqramın 3 il davam edəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, layihənin reallaşmasına 240 min ABŞ dolları vəsait sərf olunacaqdır.