“Breksit” yeni problemlə üzləşib
Berlin, 9 mart, AZƏRTAC
Əgər London “irland” probleminin həllinə dair əməli təklif irəli sürməsə, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üzrə danışıqların önündə ciddi maneə yarana bilər. AZƏRTAC xəbər verir ki, bunu Dublində İrlandiyanın Baş naziri Leo Varadkarla görüşün yekununda Avropa Şurasının sədri Donald Tusk bəyan edib. Əsas problem “Breksit”in reallığa çevrilməsindən sonra Aİ-nin tərkibində qalacaq Şimali İrlandiya ilə Böyük Britaniya və İrlandiya arasında sərhəd nəzarəti əngəlinin aşılması zərurətidir.
Tusk bildirib ki, Böyük Britaniya problemin həlli yollarını təklif etmədikcə, “Breksit”lə bağlı danışıqlarda irəliyə doğru ciddi addımın atılacağını təsəvvür etmək çətindir. Brüssel əvvəllər təklif etmişdi ki, Böyük Britaniyanın qalan hissəsindən fərqli olaraq, Şimali İrlandiya müstəsna qaydada gömrük ittifaqında qala bilər. Böyük Britaniyanın Baş naziri Tereza Mey bu təklifdən sərt formada imtina etmişdi. Rəsmi London ölkənin Aİ-dən çıxmasından dərhal sonra Avropa Gömrük İttifaqını tərk etmək və öz gömrük xidmətini yaratmaq niyyətindədir.
Böyük Britaniya hökuməti hesab edir ki, gömrük sahəsində Avropa İttifaqı ilə tərəfdaşlığa başlamaq və “etimad və ən yeni texnologiyalar” sayəsində sərhəd məntəqələrində yoxlamalarla bağlı problemi həll etmək olar. Lakin Brüsseldə bu planın həyata keçməsinə müsbət yanaşmırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin