DÜNYA
Britaniya kral ailəsinin heç vaxt görülməmiş fotoları sərgilənəcək
London, 9 dekabr, AZƏRTAC
Britaniya kral ailəsinin son 100 ilinə aid nadir və ikonik fotoşəkillərdən ibarət genişmiqyaslı sərgi 2025-ci ildə Edinburqda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgidə mərhum Kraliça II Elizabeta və bacısı Şahzadə Marqaretin, Şahzadə Marqaretin həyat yoldaşı tərəfindən çəkilmiş fotoşəkilləri də daxil olmaqla 150-dən çox əsər nümayiş etdiriləcək. Ötən əsrin XX illərindən başlayaraq 2023-cü ildə kralın tacqoyma mərasiminədək kral portret fotoqrafiyasının inkişafını əks etdirən sərgi Sesil Beaton və Andy Warhol kimi tanınmış sənətkarların əsərləri ilə zənginləşdirilib. Sərgidə Sesil Beatonun 60 ildən artıq müddətdə çəkdiyi ən yaddaqalan fotolar, o cümlədən Kraliça II Elizabetanın tacqoyma mərasiminə aid orijinal portretləri də nümayiş etdiriləcək. Bu portretlər əsrin ən prestijli fotoqrafiya sifarişlərindən biri hesab olunur. Sərgidə, həmçinin 1966-cı ildə o zaman Uels Şahzadəsi olan Çarlzın 18-ci ad günü münasibətilə çəkilmiş foto da nümayiş olunacaq.
“Royal Portraits: A Century of Photography” sərgisi gələn il fevralın 28-dən sentyabrın 7-dək Edinburqda Holyroodhouse sarayının Kral qalereyasında keçiriləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London