Britaniya Muzeyində Roma ordusuna həsr olunmuş sərgi açılır
Bakı, 31 yanvar, AZƏRTAC
Londondakı Britaniya Muzeyində “Legion: Roma ordusunda həyat” adlı sərgi açılır. Onun ekspozisiyasına 28 milli və beynəlxalq kolleksiyadan təqdim olunmuş 200-dən artıq eksponat daxil edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərginin eksponatları arasında Roma ordusunun hərbi obyektlərinin rəsmləri, imperiyanın bütün ərazisində kişi, qadın və uşaqların - vətəndaş və əcnəbilərin, azad və qul edilmiş insanların real həyatına işıq salan artefaktlar var.
Britaniya Muzeyi direktorunun vəzifələrini müvəqqəti icra edən Ser Mark Cons bildirib: “Roma ordusunun tarixi təkcə amansız döyüşlər və müharibələrdən ibarət deyil. “Legion: Roma ordusunda həyat” adlı sərgi ona müxtəlif prizmalardan nəzər salmaq, dünyanın ən məşhur silahlı qüvvələrini formalaşdıran insanların həyatını nümayiş etdirmək üçün bir şansdır”.
Eksponatların əksəriyyəti, o cümlədən Yel Universitetinin təqdim etdiyi dünyada yeganə olan və zədələnməyən legioner qalxanı, 2018-ci ildə Almaniyada tapılan klassik Roma zirehli jileti ilk dəfə nümayiş olunur.
Maraqlı eksponatlardan biri Herkulaneumda tapılan əsgərin nəşidir. O, ilk dəfə İtaliyadan kənarda kəməri və avadanlıqları ilə bir araya gələcək. Bu əsgərin Vezuvi vulkanının püskürməsi zamanı vətəndaşların qaçmasına kömək etməyə çalışarkən yaralanan Böyük Plininin komandanlığı altında olan dəniz piyadalarından biri olduğu güman edilir. Qonşu Pompey şəhəri də əla vəziyyətdə olan hərbi sursat, o cümlədən truba, qılınc və bayraqdar təmin edəcək.
Layihənin kuratoru Karolina Ranxel de Lima mətbuat konfransında deyib: "Bu, Roma ordusu haqqında bir sərgidir, lakin adi romalı əsgərlərin nöqteyi-nəzərindən təqdim olunur. İdeyanın əsasını həqiqi xidmətdə olan əsgər Klavdius Terentyanın hekayəsi təşkil edir, onun ev məktublarının fraqmentləri indiyədək qorunub saxlanılır, O, bizlərə xüsusən də hərbi qulluğa çağırılması və xidmət tarixi haqqında məlumat verir.
“Legion: Roma ordusunda həyat” sərgisi 2024-cü il iyunun 23-dək davam edəcək.