Britaniyalı məşqçilərə gimnastların çəkisini ölçmək qadağan edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Artıq britaniyalı məşqçilər sui-istifadə həddində olan zərərli vərdişləri dayandırmaq üçün hazırlanmış yeni Britaniya gimnastika qaydalarına uyğun olaraq, gimnast qızların çəkisini ölçə bilməyəcəklər.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin Uayt icmalı (Britaniya gimnastikası təcrübəsinin icmalı) idmandakı bu “sistematik” fiziki və emosional zorakılığın qeyri-adekvat vərdişlərlə əlaqədar olduğunu bildirib. Qeyd edilib ki, idmançıların çəkilərini nəzarətdə saxlaya bilmək üçün onların çantalarında məcburi axtarış aparılıb.
“İdmançıların çəkilərinin ölçülməsindən cəza vermək məqsədilə istifadə olunub. Əvvəllər həddindən artıq çox və qeyri-münasib çəkiyə nəzarətlə bağlı heç bir siyasət olmadığından, məşqçilər tez-tez bundan öz mənafeləri üçün istifadə edir və çox zərərli üsullar tətbiq edirdilər”, - deyə sabiq gimnast Eloiza Yotişki “BBC Sport”a açıqlamasında bildirib.
2022-ci ilin iyununda Yotişki məşqçi Endryu Qriffits tərəfindən məruz qaldığı pis rəftara görə “British Gymnastics”ə qarşı mülki iddianı indiyə qədər qazanan ilk və yeganə gimnastdır. “British Gymnastics” irəli sürülən iddianı tam məsuliyyəti ilə qəbul edib və üzr istəyib. Eloiza Yotişki artıq məşqçilik etmək hüququndan məhrum olunan Qiffits tərəfindən 2016-2018-ci illər arasında yersiz çəkiyə nəzarət üsullarına məruz qaldıqdan sonra fiziki cəhətdən tükəndiyini qeyd edib.
İndi təlimatlar şəklində yox, məhz siyasət kimi tətbiq edilən yeni qaydalara uyğun olaraq, idman zalları artıq bu yeni siyasətə əməl etməli olacaqlar, əks halda, onları sanksiyalar gözləyir. Yaşı 10 və daha az olan gimnastların çəkisi ölçülməyəcək. Gimnastın çəkisi o, 18 yaşından kiçik olduqda gimnastın və onun valideyninin, yaxud qəyyumunun razılığı ilə ölçülə bilər.
Yeni qaydalar ancaq idman ekspertlərinə və həkimliklə məşğul olanlara idmançıların çəkilərini ölçmək icazəsi verir.
“UK Sport” və “Sport England”ın birgə sifarişi ilə hazırlanan Uayt icmalına görə, məşqçilər gimnast qızlara qarşı fiziki cəzalar, travmalarla əlaqədar qeyri-münasib sayıla bilən məşqlər, stress vəziyyətinə salan gərgin fiziki hərəkətlər, həmçinin yeməkdən, sudan imtina və tualetə getməmək də daxil olmaqla, bir sıra fiziki işgəncələr veriblər. Yeni qəbul edilmiş siyasətdə çəkinin ölçülməsi qadağasından başqa gimnastın məşq zamanı su içməsinin və ya tualetə getməsinin qadağan edilməsinin də “fiziki zorakılıq” olduğu bildirilir.
“British Gymnastics”in icraçı direktoru Sara Pauellin sözlərinə görə, söhbət gimnastikada idmançıları gimnast kimi yox, gənc, uşaq kimi görməkdən gedir.
“Medalları idmançıların rifahından üstün tutmaq niyyətimiz yoxdur”, - deyə o əlavə edib.