Bu gün Azərbaycandakı məscidlərdə vakant vəzifələr üçün 46 ehtiyat kadr var
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Komitəsi tərəfindən 2022-2023-cü illərdə məscidlərdə 102 vakant vəzifənin tutulması üçün 3 müsahibə keçirilib. Müsahibəyə maraq yüksək olub, vakant vəzifələri tutmaq üçün 720 nəfər sənəd verib. Həmin müsahibələrdən 277 nəfər uğurla keçib ki, onlardan 35-i qadın olmaqla, 231 nəfəri 202 məsciddə müxtəlif vəzifələrə təyin edilib. Göründüyü kimi, vakant vəzifələr 102 olsa da, təyinatlar 202 məscidi əhatə edib. Əlavə təyinatlar ehtiyat kadr siyahısı hesabına həyata keçirilib. Qaydaya əsasən, müsahibədən keçmiş, lakin təyinat almamış şəxslər ehtiyat kadr siyahısına salınır və onların 2 il ərzində imtahan vermədən məscidlərdəki vakant vəzifələrə təyin olunmaq hüquqları var.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O deyib ki, komitə tərəfindən həmin şəxslərə məscidlərdə yeni yaranmış vakant vəzifələr barədə mütəmadi olaraq məlumat verilir, müxtəlif vəzifələr təklif edilir. Razılıqları olduğu təqdirdə, onların təyinatları verilir. Bu prosedur nəticəsində yeni yaranmış 130-dan artıq vakant vəzifəyə təyinat həyata keçirilib. Bu gün ehtiyat kadrlar siyahısında 46 nəfər var.
Şöbə müdiri bildirib ki, hazırda 2023-cü il dekabr ayının 13-də elan olunmuş müsahibənin imtahan mərhələsinə hazırlıq işləri davam edir. Biri qadın dini ayinlərin icraçısı olmaqla, 7 vakant vəzifə müsahibəyə çıxarılıb. Müsahibədə iştirak etmək üçün 185 nəfər sənəd verib. Onlardan 58-i qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq istəyənlərdir.
“Eyni zamanda, qeyd etməliyik ki, komitə ilk dəfə olaraq yanvarın 30-da İslam dininə aid ibadət evlərində işləyən din xadimlərinin attestasiyasını elan edib. Mart ayının 4-də və 6-da fəaliyyət dövrünün 5 ili tamam olmuş 64 din xadimi attestasiya ediləcək”, - deyə Cahandar Əlifzadə qeyd edib.