Bu gün dövlət xidmətlərinin böyük hissəsi hələ də rəqəmsal formada təqdim olunmur
Bakı, 7 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf sahəsində onlarla uğurlu ölkənin təcrübəsini araşdıraraq, bu sahədə vacib trendlərə baxaraq, belə bir qənaətə gəlmişik ki, mərkəzləşmiş dövlət, biznes və vətəndaşların bir platformada birləşməsi, açıq hökumət qurulması, datanın hər kəsə daha da əlçatan olması, biznes və startaplar yeni, daha səmərəli məhsullar və xidmətlər istehsal etməsi, dövlət xidmətlərinin daha proaktiv və daha istifadəçiyönümlü olması xidmətlərin keyfiyyətinin artırılması bizim üçün bir hədəf kimi qoyulmalıdır. Bu istiqamətdə əsas görəcəyimiz işlərdən biri də yenilənmiş mygov platforması ilə bağlı hazırlıq işlərinin bitmək mərhələsində olmasıdır. Bu ilin sonuna kimi yeni versiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Digər ölkələrdə olduğu kimi ən çox istifadə olunan xidmətlər və sahələr bir platformada birləşdirilib. Getdikcə digər xidmətlər də əlavə olunacaq və rəqəmsallaşacaq.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu gün dövlət xidmətlərinin böyük hissəsi hələ də rəqəmsal formada təqdim olunmur. Yalnız 45 faiz xidmətlər rəqəmsal hökumət platformasında birləşdirilib. Burada da standartlar fərqli olduğundan və vətəndaşlara istifadə çox da əlçatan olmadığına görə yenilənmə aparılır və bir standartlara, bir platformaya cəmləşmə prosesi gedir.
S.Məmmədov bildirib ki, rəqəmsallaşma təkcə mərkəzdə deyil, regionlarda da aparılmalıdır: "Ona görə də ölkənin bütün bölgələrində genişzolaqlı internet zolaqlarının tətbiq edilməsi və bölgələrdə yaşayan vətəndaşların internetə çıxışının təmin edilməsi bizim üçün hədəf kimi qoyulub. 2024-cü ilin sonuna qədər ölkənin bütün ərazilərində yüksəksürətli internetə çıxış təmin edilməlidir".