BU GÜN ÖLKƏDƏ ORDU QURUCULUĞU ÜÇÜN ÇOX BÖYÜK İŞLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, aprelin 4-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Ordunun Dostları Mətbuat Klubunun (ODMK) təşəbbüsü ilə Müdafiə Nazirliyinin Şəmkirdəki “N” saylı hərbi hissəsində əsgərlərlə görüş keçirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov və iştirakçılar əvvəlcə hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar.
Qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, əsgərlərin qayğıları ilə maraqlanmış, onlarla bir yerdə nahar etmişlər. Onlara xidmətin təşkili haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, düşmənlə döyüşlərdə xeyli əsgər və zabit şəhid vermiş hərbi hissə Azərbaycan Silahlı Qüvvələri sıralarında özünəməxsus yer tutur. Hissənin 21 əsgər və zabiti Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 43-ü “Azərbaycan bayrağı” ordeni, 174-ü medallarla təltif olunmuşdur.
Sonra şəxsi heyətlə görüş keçirilmişdir.
Əsgərlər qarşısında çıxış edən Azad Rəhimov qeyd etmişdir ki, gördüklərimiz bizi sevindirdi. Sevinirik ki, sizin kimi igid övladlarımız Vətənə şərəflə xidmət edirlər. Nazir xatırlatmışdır ki, ordu quruculuğu üçün bu gün ölkədə çox böyük işlər görülür. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan ordusunun qüdrətlənməsi məsələsinə xüsusi diqqət yetirir.
Belə görüşlərin keçirilməsinin çox vacib olduğunu vurğulayan Azad Rəhimov bildirmişdir ki, bu il Gənclər ilidir və vətənpərvərlik ruhunda daha çox iş görülməlidir. Bu, bizim son səfərimiz deyil. Biz ön cəbhədəki hərbi hissələrdə də tədbirlər keçirəcəyik. İstərdik ki, bir çox təşkilatlar da bizə qoşulub əsgərlərimizi sevindirsinlər, onlara mənəvi dayaq olsunlar. 

ODMK-nın rəhbəri Emin Həsənli qeyd etmişdir ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti gündən-günə yüksəlir. Bu da dövlətimizin başçısının, Ali baş komandanın Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsidir. Prezidentimiz ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Bir neçə zabit və əsgərə xidmətdə fərqləndiklərinə görə Gənclər və İdman Nazirliyinin diplomları verilmiş, hərbi hissəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tanınmış müğənnilərin ifa etdikləri şux mahnılar şəxsi heyətdə xoş ovqat yaratmışdır.
“N” saylı hərbi hissənin komandanlığı ordu ilə ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsində töhfəsinə görə bir qrup jurnalisti və musiqiçini fəxri fərmanla təltif etmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov iştirak etmişdir.