REGİONLAR
Bu il Zaqatala və Balakəndə 22 subartezian və artezian quyusu qazılıb
Zaqatala, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamının icrası çərçivəsində cari ildə Zaqatala rayonunda 13, Balakən rayonunda isə 9 subartezian və artezian quyusu qazılaraq istismara tam hazır vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin Zaqatala istismar sahəsinin rəisi Umar Qardaşov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2014-2017-ci illərdə təkcə Zaqatala rayonunda 54, Balakən rayonunda isə 30 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində Zaqatala rayonunda 520 hektar, Balakən rayonunda isə 180 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Eyni zamanda, Zaqatala rayonu üzrə 11 min, Balakən rayonu üzrə isə 6 min nəfər əhalinin içməli suya tələbatı tam ödənilib. Bu il qazılan quyular istismara verildikdən sonra Zaqatala rayonu üzrə əlavə olaraq 130 hektar, Balakən rayonu üzrə isə 90 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq.
Umar Qardaşov bildirib ki, görülən işlər əhali tərəfindən də razılıqla qarşılanır. Çünki subartezian quyuları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.