DÜNYA
Budapeştin keçmiş yəhudi gettosunda anım mərasimi keçirilib
![Budapeştin keçmiş yəhudi gettosunda anım mərasimi keçirilib](/files/2019/3/1200x630/15751208912263919635_1200x630.jpg)
Budapeşt, 30 noyabr, AZƏRTAC
“Yəhudi həmvətənlərimizin başına gəlmiş faciə bizim ümumi faciəmizdir”.
AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtının yeddinci rayonunun yeni seçilmiş meri Peter Nidermüller bu sözləri həmin rayonda nasistlər tərəfindən yəhudi gettosu yaradılmasının 75-ci ildönümü münasibətilə keçirilən mərasimdə söyləyib. Anım mərasimi keçmiş gettonun mərkəzində - hazırda Klauzal meydanı adlanan yerdə təşkil edilib.
Nidermüller deyib: “Burada susmaq lazım deyil. Biz faktlara cəsarətlə baxmalı və 1944-1945-ci illərin qışında Budapeştdə baş verən hadisələr barədə açıq danışmalıyıq.
İndi bizim dayandığımız bu yerdən ölüm, dağıntı və insaniyyətdən uzaqlıq qoxusu gəlir. Nifrət və düşmənçilik, insanlara qarayaxma, seqreqasiya, insan ləyaqətinin alçaldılması, isteriya və düşmən obrazı formalaşdırılması proqnozlaşdırıla bilməyən nəticələrə gətirib çıxara bilər. 1944-1945-ci illərdə burada məhz belə hadisələr baş verib”.
Mərasimdə Budapeştin meri Qerqeli Karason və Yəhudi Federasiyasının başçısı Mazixiş Andraş Xeysler iştirak ediblər.
Macarıstan paytaxtının yeddinci rayonunun yeni meri AZƏRTAC-a müsahibəsində bildirib ki, cəmiyyətin dəyəri onun azlıqlara və özgə cür düşünənlərə, fərqli davrananlara münasibəti ilə müəyyən olunur.
Nidermüller deyib: “Millətlər yeknəsəqlik sayəsində böyük və ya güclü millətlərə çevrilmir. Millətlər yalnız bu müxtəlifliyə hörmətli münasibət sayəsində böyük olur”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt