“BÜDCƏ SİSTEMİNİN GENDER TƏHLİLİ” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Komitənin sədri Hicran Hüseynova ”Dövlət büdcəsinin gender təhlili” tədqiqat işi barədə ətraflı məlumat vermişdir. O, dünyanın bir çox ölkələrində dövlət büdcəsi ilə yanaşı, onun tərkib hissəsi kimi, gender büdcəsinin də tərtib olunaraq, parlamentdə təsdiq edildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, məqsəd dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif sosial-demoqrafik qruplar üzrə, xüsusilə, kişi və qadınlar arasında düzgün paylanıb-paylanmamasını müəyyənləşdirmək, gender probleminin həllində gender büdcəsinin əhəmiyyətini təbliğ etmək, dövlət büdcəsində cinslər üzrə qeyri-bərabər, bəzən ədalətsiz bölgünü üzə çıxarmaq və nəhəyət, büdcə vəsaitlərinin tam və səmərəli istifadə olunmasına yardım göstərməkdir.
“Azərbaycanın büdcə sisteminin gender təhlili” layihəsinin əlaqələndiricisi Mətləb Mahmudov tədqiqatın nəticələri barədə danışmışdır. O, vətəndaşların hüquq bərabərliyini təmin etmək məqsədi ilə dövlət büdcəsi ilə paralel gender büdcəsinin də tərtibinə ehtiyac olduğunu bildirmiş, büdcənin gəlir və xərclərinin formalaşması və paylanmasında cinslərin rolunun müəyyənləşdirilməsinin vaciblıyini diqqətə çarpdırmışdır.
Mədəniyyət və turizm nazirirnin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və digər natiqlər çıxış edərək, layihənin əhəmiyyətini vurğulamış, statistika məlumatlarına əsaslanaraq, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə gender məsələlərindən danışmışlar.
Dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.