Bum meşəbəyliyinin yanğına məruz qalmış meşə sahəsində meşəbərpa tədbirləri keçirilir
Qəbələ, 10 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Bu gün Qəbələ rayonu, Bum meşəbəyliyinin yanğına məruz qalmış meşə sahəsində meşəbərpa tədbirləri keçirilir, meşəcinsli toxumlar səpilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, nazirliyin bütün yerli qurumlarının əməkdaşları ilə birgə burada Fövqəladə Hallar Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri, yerli sakinlər böyük ruh yüksəkliyi ilə yaxından iştirak edirlər.
Mətbuat katibi deyib: "Yay aylarında baş verən meşə yanğınlarının dəhşəti hər birimizə kədər və ürək ağrısı gətirdi, hər birimizi sarsıtdı. Lakin bu gün hər kəsin yanan əraziləri bərpa etmək məqsədilə bu tədbirə həvəslə qoşulması cəmiyyətimizin ətraf mühitin mühafizəsi işinə həssaslıqla yanaşdığını göstərir. Bu münasibəti isə vətəndaşlarımızda müşahidə etmək çox xoşdur”.
Nazirlik rəsmisi bildirib ki, meşə yanğınlarına iqlim dəyişikliyi, quraqlıq, təbii amillərlə yanaşı, antropogen təsirlər də səbəb olur: “Hər kəs, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisi, təbiət qoynunda istirahət edən turistlər, fermerlər və bütün vətəndaşlar təbiətdə olarkən ətraf mühitə, insanlara zərər vuran yanğınlardan nəticə çıxarmalı və bir daha bu cür fəlakətlərlə üzləşməmək üçün maksimum dərəcədə ehtiyatlı olmalıdır”.
İ.İbrahimova onu da qeyd edib ki, yanğına məruz qalmış digər ərazilərdə də bu kimi tədbirlər keçirilir. İnanırıq ki, tezliklə bu yerlərdə səpdiyimiz toxumlar cücərəcək və bu ərazilər yenidən sıx meşəliyə çevriləcək.